Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda nar bayramı keçirilib

03 noyabr 2013 | 16:00

 

Özünə məxsus füsunkar təbiəti olan Göyçayda ənənəvi 8-ci nar bayramı keçirilib. Minlərlə rayon sakininin, xarici ölkələrdə və Bakı şəhərində yaşayan göyçaylı ziyalıların qatıldığı festival gülövşə, şirin, vələs rəmzi nar paltarlarında olan gənclərin və nar şahzadəsinin iştirakçıları salamlaması ilə başlayıb. Bayram şənliyində nar meyvəsinin mədəni-iqtisadi potensialının rəmzinə çevrilən çoxsaylı sərgilər, kompazisiyalar, folklor numunələri nümayiş etdirilib.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində dövlət və hökümət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və əməkdaşları, ətraf rayonların icra başçıları, yerli və əcnəbi iş adamları, 20-yə yaxın xarici ölkəni təmsil edən nümayəndələr iştirak ediblər.
Əvvəlcə qonaqlara nar çiçəkli geyimlərlərdə olan qızlar yerli müəssisələrin istehsalı olan nar şirələri paylayıblar. Rəmzi nar maketinin açılması ilə içindən çıxan nar dənəsinə bənzər geyimdə olan qızların rəqsi hər kəsi sehirli aləmə aparıb. Səmaya buraxılan şarlar bolluq və bərəkətin rəmzinə çevrilib. Meydana daxil olan nar şahzadəsi festival iştirakçılarını salamlayıb. Rayonun 25 kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi məhsullardan hazırlanmış məhsulların sərgisinə baxış keçirilib.Heydər Əliyev prospektində idmançıların, kəndirbazların, sehirbaz və pəhlivanların, mahnı-rəqs qruplarının nümunəvi çıxışları maraqla qarşılanıb. 100 adda 700-dən çox kitabın nümayiş olunduğu sərgi də diqqəti çəkib. Burada milli-mənəvi dəyərlərimizi, tarixi keçmişimizi, şərq ədəbiyyat nümunələrini təbliğ edən nəşrlərlə yanaşı, narçılığın inkişafından, tibb sosial fəlsəfəsindən bəhs edən kitablar da yer alıb. Məktəblilərin əl işlərindən ibarət sərgi, göyçaylı qadınların ifasında səslənən folklor nümunələri, xor qrupunun mahnı çələngi hər kəsdə xoş duyğular oyadıb. Qonaqlar aş, nardança, kətə, yuxa, nar şərab, nar şirəsi kimi təamların dadına baxıblar.
Sonra qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyət Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət edərək önünə əklil və gül-çiçək dəstələri qoyublar. 
Bayram tədbirinin rəsmi hissəsində Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirib ki, ölkə başçısı İlham Əliyevin xeyir-duası ilə artıq 8-ci dəfədir ki, keçirilən bu məhsul bayramı böyük əhəmiyyət daşıyır. Çünki bu festival Göyçayda narçılığın inkişafına təkan verir, dünyada təbliğinə müsbət təsir göstərir. Təkcə son üç ildə rayonda 1500 hektardan artıq yeni nar bağı salınıb, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb. Ötən il Göyçayda 40 min ton nar tədarük olunub. Bu il isə meyvə bağlarından 42 min tona yaxın nar məhsulunun yığılması gözlənilir. Bu isə əhalinin büdcəsinə əlavə olaraq 15 milyon manat vəsait gətirəcək. Rayon icra hakimiyyətinin başçısı vurğulayıb ki, narın şirəsindən və qabığından 20-ə yaxın xəstəliyin mülicəsində istifadə olunur. Bu meyvədən nar şərabı, nar şirəsi, nardança, mürəbbə və digər qida məhsulları hazırlanır ki, insan orqanizmi üçün çox böyük əhəmiyyət daşıyır.
Bayram tədbirində millət vəkilləri, xarici ölkələrin azərbaycandakı səfirləri çıxış edərək bu Festivalın mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıblar. Bildiriblər ki, nar bayramı həm də Azərbaycan xalqının Milli-mənəvi dəyərlərinin tarixi keçmişinin, zəngin adət-ənənələrinin, bənzərsiz mətbəxinin nümayişində əvəzsiz rol oynayır. Festifalda yeni ailənin təməli qoyulub. Qızıl toylarını qeyd edən cütlüyə gül və hədiyyələr təqdim olunub.
Festivalda ən böyük nar müsabiqəsinin, nar atmaq, nar sıxmaq yarışlarının qalibləri mükafatlandırılıb. Xalqımızın qədim və zəngin adət-ənənəsinin, təbii sərvətlərinin nümayişinə çevrilən nar bayramı xarici ölkə vətəndaşlarının da ürəyincə olub. Onlar ölkəmizdəki inkişafa, insanların mehribanlığına və səmimiyyətinə valeh olduqlarını bildiriblər. Gələcəkdə də nar bayramında iştirak etmək arzusunda olduqlarını soylayiblər.
Göyçayda 8-ci nar bayramı tanınmış incəsənət ustalarının təqdim etdikləri konsert proqramı ilə davam etdirilib, atəşfəşanlıqla başa çatıb. 

Keçidlər