Rayon rəhbərliyi İkinci Qarabağ müharibəsinin döyüşçüləri ilə görüşdü
05 dekabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, bəziləri qismən sağlamlığını itirmiş beş nəfər İkinci Qarabağ müharibəsi iştirakçısı ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Böyük Qələbə münasibəti ilə qalib əsgərlərimizi təbrik edərək bu qələbədə Ali Baş Komandan Cənab İlham Əliyevin və Rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd edib. Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı düşmən qüvvələrinin məğlub edilməsində döyüş tapşırıqlarını icra edərkən yaralanan mərd əsgərlərimizdən Aqil Şirinovu, Dursun Əlilini, Teymur Nəcəfovu, Sakin Yediyarovu və Asif Məmmədovu xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə bir daha Böyük Qələbə münasibətilə onları təbrik edərək hədiyyələri təqdim edib.
Görüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəisi Kamal Nəbiyev Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri Cəmiyyətinin rayon şöbəsinin sədri Rövşən Şərifov, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin nümayəndəsi Bahadur Camalov, rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımızın cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunduqlarını qeyd ediblər.
Əsgər və zabitlərdən mayor Sakin Yediyarov, əsgər Asif Məmmədov Azərbaycan dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi mərdlik və qətiyyət barədə məlumat vermiş, döyüş xatirələrindən danışmış, həmçinin rayon İcra Hakimiyyətində qəbul olunduqları üçün öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Sonda görüş iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər.
Tədbir sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.