Göyçay rayonunda 8 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
27 noyabr 2020-ci il tarixdə Göyçay rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova iştirak ediblər.
Bildirilib ki, Xalqımız cəmi 44 gün ərzində işğalçı Ermənistanı diz çökdürən və möhtəşəm Qələbəyə imza atan, torpaqlarımızı erməni faşizminin əsarətindən azad edən güclü Azərbaycanımızla, Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə, qəhrəman Ordumuzla fəxr edir!
Ölkəmizdə Qələbə ovqatı hökm sürür. 30 ilə yaxındır ki, işğal altında qalmış torpaqlarımızın azadlığa qovuşması hər birimizə sonsuz fərəh və iftixar duyğuları bəxş edir. Vəhşi düşmən işğal etdiyi yurd yerlərimizdə barbarcasına hər şeyi, bütün infrastrukturu məhv etsə də, dövlətimiz yenidən həmin ərazilərdə abad, gözəl, müasir yaşayış məntəqələri, kənd və qəsəbələr, şəhərlər salacaq. O torpaqlarımız azad, firavan həyatını yaşayaraq, öz doğma sahiblərinin gücü, zəhməti ilə yenidən gülüstana, abad diyara çevriləcək.
Qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib.
Göyçay rayonunda bu il 19 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub, indiyədək 12 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib, yaxın vaxtlarda 7 fərdi evin verilməsi də nəzərdə tutulur.
Yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri erməni faşizmini məhv edən Ordumuzun misilsiz rəşadətindən və dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi yazılan böyük Qələbəmizdən fərəh və qürur hissi ilə bəhs ediblər. Onlar bu parlaq Qələbəyə və həssas qruplara göstərilən yüksək qayğıya, bu gün yeni evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər