Rayon İcra hakimiyyəti başçısının sədrliyi ilə Operativ Qərargahın növbəti iclası keçirildi
Noyabrın 27-də rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə rayon ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər barədə idarə, təşkilat rəhbərlərinin, həmçinin icra nümayəndələrinin və qərargah üzvlərinin iştirakı ilə növbəti videokonfrans keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı videokonfransda koronavirus infeksiyasının yoluxma halı çoxluq təşkil edən rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər, Qaraməryəm, Qarabaqqal, Məlikkənd, Potu, Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin də iştirak etdiyi iclasda Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyyələrə uyğun olaraq epidemiyanın qarşısının alınması və koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan tədbirlərin gücləndirilməsi müzakirə edildi.
İclasda Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Elçin Bilalov çıxış edərək rayon ərazisində koronavirus infeksiyasına yoluxanlar və yoluxmaya qarşı aparılan müalicə-profilaktika tədbirləri barədə məlumat verdi.
Müzakirə zamanı qeyd olundu ki, aidiyyətı orqanların, o cümlədən idarə, müəssisə, təşkilatların, ictimai təşkilatların, siyasi partiyaların rəhbərləri və mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalar barədə əhali arasında maarifləndirmə işlərini daha da gücləndirməlidir. Mütəmadi olaraq ictimai yerlərdə, mərkəzi rayon xəstəxanasının ərazisində insanlarla izahat işləri aparılmalı, onları sosial mühafizə qaydalarına tam əməl etmələrinə məcbur edilməlidirlər. Mədəniyyət idarəsi tərəfindən şəhər ərazisində avtomobillə təbliğat işi mütəmadi olaraq davam etdirilməlidir.
Müzakirə zamanı həmçinin qeyd olundu ki, rayon ərazisində ictimai yerlərdə, bazarlarda, ticarət mərkəzlərində, ictimai-iaşə, bərbərxana və digər xidmət obyektlərində müvafiq qaydalara əməl edilməsinə ciddi nəzarət olunmalıdır. Bu işdə mobil qrupların fəaliyyəti, nəzarəti gücləndirilməlidir. Lazım olduqda qanuna müvafiq inzibati məsuliyyət tədbirləri görülməlidir.
Videokonfransda həmçinin rayonun idarə, müəssisə və təşkilatlarında, park, xiyaban və küçələrdə mütəmadi olaraq dezinfeksiya tədbirlərinin davam etdirilməsi tapşırıldı.