Göyçay şəhəri ənənəvi, sayca 8-ci olan «Nar bayramı»na hazırlaşır.
02 noyabr 2013-cü ildə Göyçay şəhərində sayca 8-ci olan «Nar bayramı» keçiriləcəkdir.
Azərbaycan narın vətənidir. Göyçay narı isə öz rənginə, dadına, tamına, gözəlliyinə, növlərinə görə əvəzsizdir.
Bu bayram artıq ənənə halını almışdır. «Nar bayramı» xalqları və millətləri bir-birinə yaxınlaşdırır, iqtisadi əlaqələri möhkəmləndirir.
Bayrama hazırlıqla əlaqədar Göyçay rayon icra hakimiyyətinin hazırladığı xüsusi tədbirlər planına əsasən aparılan səliqə-səhman, quruculuq-abadlıq işləri başa çatdırılmaq üzrədir. Mədəniyyət kollektivləri, müsiqi məktəbinin şagirdləri, uşaq yaradıcılıq mərkəzi bayrama həvəslə hazırlaşıblar. Mahnı və rəqs qrupları, folklorçu qadınlar, xor kollektivləri son məşqlərini keçirirlər. Rayonun muzey işçiləri də bayram tədbirində milli-mənəvi dəyərlərimizi, tarixi keçmişimizi layiqincə təbliğ etmək üçün qədim eksponatlardan ibarət kolleksiyalar formalaşdırıblar. Nar və nardan hazırlanan məhsulların tibbi əhəmiyyəti, növləri ilə bağlı maraqlı güşələr yaradılıb. Rayonun istehsal müəssisələri fermerlərdən nar məhsulları qəbul etmək üçün yeni xətt və avadanlıqlar quraşdırıblar.
Bayram tədbirinə xarici dövlətlərin ölkəmizdəki səfirləri və diplomatik korpusun nümayəndələri, nazirlik, komitə və baş idarələrin rəhbərləri, qonşu rayonların icra başçılarının, rayondan kənarda yaşayan əslən Göyçaydan olan tanınmış ziyalılar, Bakı şəhərindən və respublikamızın bütün bölgələrindən yüzlərlə qonaq dəvət edilib. Nar bayramı ərəfəsində Bakı şəhərində narçılığın təbliğinə həsr edilmiş bir sıra tədbirlər də keçirilir.
Rayon icra hakimiyyətinin rəhbərliyi festivalın yüksək səviyyədə keçirilməsi üçün təşkilatçılara lazımi tövsiyyələr verib.