Rayonda 4 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verildi
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərlərlə şanlı tarix yazdığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminat proqramı da davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu dəfə Göyçay rayonunda yeni inşa olunmuş 4 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
30 oktyabr 2020-ci il tarixdə rayonun Çayarxı kəndində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı yeni mənzilə köçən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ürək sözlərini bildirərək, onlara yeni mənzillərində xoş günlər keçirməyi arzulayıb.
Qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinin, bu döyüşlərdə sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsi də daim dövlətin diqqətindədir.
Çıxış edən şəhid ailələri və müharibə əlilləri göstərilən yüksək diqqət və qayğıya, bu gün isə fərdi evlərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar Ordumuzun Qələbələrindən, torpaqlarımızın işğaldan azad edilməsindən, düşmənə sarsıdıcı zərbələr vurulmasından fərəh hissi keçirdiklərini, şəhidlərimizin qisasının düşməndən layiqincə alındığını vurğulayıblar. İşğal altında olan digər torpaqlarımızın azad ediləcəyi günün də uzaqda olmadığına əminliklərini ifadə ediblər.
Tədbir pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilmişdir.