Cari ilin 9 ayında Göyçayın sosial-iqtisadi inkişafı üçün görülən işlər müzakirə edilmişdir
Göyçay rayonunda cari ilin 9 ayı ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirmişdir ki, hesabat dövründə rayon iqtisadiyyatı üçün əhəmiyyətli obyektlərin tikintisi davam etdirilmişdir. Yuxarı Şirvan kanalının Bığır kəndi ərazisindən keçən hissəsində inşa edilən 3 MVa gücündə su elektrik stansiyasının tikintisi tam başa çatdırılmışdır.
Göyçay şəhərinin su tchizatı və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin ikinci mərhələsinin, Göyçay-Ucar avtomagistralının yenidənqurulması işləri davam etdirilmişdir. Bu il rayonda 34477 ton taxıl istehsal edilmiş, 2014-cü ilin məhsulu üçün 5140 hektar sahədə şum qaldırılmış, 260 hektar sahədə dən üçün payızlıq bitkilərin əkini aparılmışdır. Yanvar-sentyabr aylarında rayon əhalisinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 4,9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5,7 faiz artmışdır. Rayon əhalisinin təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, Cəyirli, Qubadlı-Şıxlı, Bığır kəndlərinə təbii qaz verilişi bərpa edilmişdir. Qarayazı və Məlikkənd kəndlərinə təbii qaz verilməsi üçün son hazırlıq işləri aparılır.
Hesabat dövründə abadlıq, quruculuq və yaşıllaşdırma sahəsində də xeyli işlər görülmüşdür. Şəhərin mərkəzində bayraq meydanının tikintisi və abadlaşdırılması işləri başa çatdırılmış, Heydər Əliyev prospektində çoxmənzilli yaşayış binalarının, Göyçay bələdiyyəsinin inzibati binasının fasad hissələrinin müasir tələblər səviyyəsində üzlənməsi və üst örtüklərinin yenilənməsi işləri aparılmışdır. Hazırda şəhərin mərkəzi meydanında Gənclər evinin, şahmat məktəbinin tikintisi davam etdirilir. Heydər Əliyev parkı əsaslı şəkildə yenidən qurulur. Hesabat dövründə rayon statistika və maliyyə idarələri üçün inşa edilən inzibati binalar istifadəyə verilmişdir. Prezident İlham Əliyevin 17 iyul 2013-cü il tarixli Sərəncamına əsasən ayrılmış vəsait hesabına Cəyirli, Qubadlı-Şıxlı, Qızılağac, Şəkili, Kürdşaban və Yenikənd kəndlərini birləşdirən kəndarası yolun yenidənqurulması işlərinə başlanılmışdır.
2013-cü ilin yanvar-sentyabr aylarında rayonda 565 daimi yeni iş yeri açılmışdır. Bütövlükdə 2003-2012-ci illərdə rayonda 9749 yeni iş yeri açılmışdır ki, bunun da 8337-i və ya 85,5 faizi daimi iş yerləridir. Hesabat dövründə rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, dövlət vəsaiti hesabına Ulaşlı-Şıxlı kəndində 220 yerlik, Şəkili kəndində 80 yerlik məktəb binaları, Göyçay şəhərində 40 yerlik uşaq bağçası istifadəyə verilmişdir, Müskürlü kəndində 180 yerlik məktəbin tikintisinə başlanılmış, Qəbələ-Müskürlü və Alıkənd kəndlərində 80 yerlik məktəb binalarının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmışdır. Yaponiya hökümətinin dəstəyi ilə şəhər internat və 6 saylı tam orta məktəblərdə müasir normalara cavab verən yeni sanitariya qovşaqları istifadyə verilmişdir.
Yığıncaqda idarə və təşkilat rəhbərləri çıxış edərək təmsil etdikləri sahədə görülmüş işlər barədə məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışlar.