Göyçay şəhərində yeni tikilmiş 4 və 8 nömrəli körpələri evi uşaq bağçaları istifadəyə verilmişdir.
Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərilir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu xüsusi töhfələr verir.
05 oktyabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətini başçısının iştirakı ilə Göyçay şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən əsaslı təmir edilmiş 55 yerlik 4 və 8 nömrəli körpələri evi uşaq bağçaları istifadəyə verilib.
Keçirilən tədbirdə körpələr evi-uşaq bağçalarının direktorları rayon rəhbərinə məlumat verərək bildiriblər ki, azyaşlı uşaqların zövqünə uyğun qurulan bağçalarda onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün şərait yaradılıb, məşğələ, yataq otaqları zəruri mebel və avadanlıqlarla təchiz olunub. Həmçinin bağçaların həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə daş örtüyü döşənib, ağaclar əkilib, işıqlandırma sistemləri quraşdırılıb.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktəbəqədər təhsilə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.