İqtisadi İnkişaf Naziri Şahin Mustafayev Göyçayda vətəndaşları qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə köməklik edirlər. Növbəti belə qəbul oktyabrın 12-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilmişdir. İqtisadi inkişaf naziri Şahin Mustafayev Ağdaş, Ucar və Göyçay rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləmiş, qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Vətəndaşların bir sıra müraciətləri operativ olaraq yerindəcə həllini tapmışdır.
İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır. Qəbula gəlmiş vətəndaşların müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sosial, işədüzəlmə və digər məsələlər barədə olmuşdur. Qəbulda olan sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılmış, onların təklifləri dinlənilmiş, istixana təsərrüfatlarının yaradılması, quşçuluq, heyvandarlıq, emal, kiçik istehsal və xidmət sahələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir. Qəbulda 50-dən artıq vətəndaş iştirak etmişdir.
Qeyd edək ki, iqtisadi inkişaf nazirinin Göyçayda vətəndaşları qəbul edəcəyi barədə ictimaiyyət əvvəlcədən məlumatlandırılmışdır. Belə ki, qəbula dair kütləvi informasiya vasitələrində müvafiq elanlar verilmiş və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilmişdir. Bundan başqa, İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində “İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi yaradılmış və vətəndaşların qəbulu üçün müraciətlər bu bölmə vasitəsilə də qeydiyyata alınmışdır. Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülmüşdür.