Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını tələb edirlər.
Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Erməni hökuməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Siyasi partiyaların rəhbərləri dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur”-fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir. Atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olur.
Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər. Ölkənin siyasi partiyalarının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.