Göyçay təhsil işçilərinin konfransı
2012-2013-cü tədris ilində Göyçayın orta təhsil müəssisalərində tədrisin keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verilib. Tədris ocaqlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, təlimdə ən müasir metodların tətbiqi kimi aktual məsələlərin həlli diqqət mərkəzində saxlanılıb. Rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında bu barədə ətraflı məlumat verən təhsil şöbəsinin müdiri Asif Nəbiyev diqqətə çatdırıb ki, ötən tədris ilində orta məktəblərdə 15322 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2778 müəllim məşğul olub. Göyçaylı məktəblilər Respublika səviyyəli bilik yarışlarında, fənn olimpiadalarında, idman türnirlərində uğurla çıxış ediblər. Aparılmış təhlillərə görə rayon üzrə 2012-2013-cü tədris ilində müvəffəqiyyət faizi 75,6 %, keyfiyyət göstəricisi 49,9 % olub. 342 nəfər ali məktəblərə, 101 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Abutiriyentlərdən 19 nəfəri 600-dən, 64 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Məzunların ali məktəblərə qəbul olma göstəricisi 2004-cü ildə 203 nəfər olub. Hesabat ilində şəhər 3 saylı tam orta məktəb «Ən yaxşı ümumtəhsil məktəbi», həmin məktəbin müəllimi İlahə Fazilova isə «İlin ən yaxşı müəllimi» adını alıb». Məlumat verilib ki, Ulaşlı-şıxlı, Şəkili kəndlərində 280 və 80 şagird yerlik müasir məktəb binaları tikilib. Heydər Əliyev Fondunun dəstəyi ilə şahmat məktəbi əsaslı şəkildə təmir edilir. Digər tədris ocaqlarında əsaslı və cari təmir bərpa işləri aparılıb. Təhsil ocaqları 847 ədəd məktəbli partası, 134 ədəd kitab şkafı, 149 ədəd paltar şkafı, 201 ədəd yazı lövhəsi, 350 ədəd müəllim stolu, 1131 ədəd müəllim stulu və digər lazımi avadanlıqlarla təmin olunub. Məktəblərə 115 adda 46272 nüsxə dərslik paylanıb. Konfransda müəllim əməyinin qiymətləndirilməsinə də diqqət yetirilib. Ölkə Prezidentinin sərəncamı ilə pedaqoqların müxtəlif fəxri adlar və order medallara layiq görülməsi Göyçay rayon təhsil işçilərinin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilib.
Konfransda Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov və Təhsil Nazirliyinin nümayəndəsi Ağababa İbrahimov çıxış edərək təhsil islahatlarının tətbiqinə xüsusi əhəmiyyət verməyin vacibliyini vurğulayıblar. Pedaqoji ictimaiyyətin qarşısında duran vəzifələrdən danışıblar. Sonda rayon məktəbliləri yeni dərs ilinin başlanması münasibəti ilə pedaqoji ictimaiyyəti təbrik ediblər. Azərbaycan müəllimlərinin növbəti qurultayına nümayəndələr seçilib.