Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı videokonfrans vasitəsilə şura iclası keçirilmişdir
21 iyul 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin, kənd bələdiyyələrinin sədrlərinin və Sudan İstifadə Edənlər Birliklərinin rəhbərlərinin iştirakı ilə videokonfrans vasitəsilə şura iclası keçirilmişdir.
İclasda bildirildi ki, rayon Suvarma Sistemləri idarəsi tərəfindən əkinə yararlı torpaq sahələrinin, fərdi təsərrüfatların suvarma suyu ilə təminatı sahəsində müəyyən işlər görümüşdür. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində Qaraxıdır, Bığır, Hacalıkənd, Şəkər, Ləkçılpaq, Qarabaqqal, Çaxırlı, Mirzəhüseynli, Alpout, Qaraman, Şahsoltanlı arxlarında, Potu və Qarayazı kəndləri ərazisindəki təsərrüfatdaxili arxlarda, Çərəkə beton kanalında 221,5 km məsafədə 475 min kub metr həcmində lil və çöküntülərdən təmizləmə işləri aparılmaqla arxların ötürücülük qabiliyyəti artırılmışdır. Hazırda Alpout, Hacalıkənd, Ləkçılpaq, Şəhadət suvarma arxlarında lil və çöküntülərdən təmizləmə işləri aparılmışdır.
Şəhər ərazisindən keçən Mallı Şıxlı, Potu, Çərəkə, Qarabörk, Qəzyan və Şəhadət suvarma arxlarında da mühafizə zonası imkan verən ərazilərdə texnika vasitəsi ilə təmizləmə işləri aparılmış, çıxarılmış lil və tullantıların nəqliyyat vasitələri ilə daşınması təmin edilmişdir.
Göstərilən arxların texnika işləməsi mümkün olmayan hissələrində idarənin işçiləri tərəfindən əllə lildən təmizləmə işləri aparılmışdır. Car ildə Qarayazı beton kanalında hidrotexniki qurğulara baxış keçirilmiş, kanal üzərindəki akveduk və dükerlərdə təmizləmə işləri aparılaraq bütün qurğular işlək vəziyyətə gətirilmişdir.
Bütövlükdə ötən müddət ərzində idarənin sərəncamında olan 38 ədəd hidrotexniki qurğuda təmir və bərpa işləri aparılmışdır. İlin sonuna qədər Şıxbəy kəndi ərazisindəki Çaxırlı arxında 2 ədəd su bölüşdürücü şülüzün və R9A kanalında 2 ədəd səviyyə qaldırıcı şülüzün, Qarayazı beton kanalında 720 mm-lik 15 p.m uzunluğunda akvedukun təmiri nəzərdə tutulmuşdur.
Suvarma Sistemləri İdarəsi tərəfindən Göyçay çayında da mütəmadi olaraq su ötürülməsinin yaxşılaşdırılması üçün tədbirlər görülmüş və çayın məcrasında 298 min kub metr həcmində məcra təmizləmə işləri aparılmışdır.
Bütövlükdə hesabat dövründə suvarma sistemləri idarəsi tərəfindən 26648 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunmuş, idarə tərəfindən müxtəlif su mənbələrindən 100,7 min kub metr su götürülmüş və əkin sahələrində 2,5 dəfə suvarma aparılmışdır.
İclasda iştirak edən yerli icra və bələdiyyə orqanlarının nümayəndələri yerlərdəki vəziyyət haqqında məlumat verdilər, sonra bu məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.