İnzibati ərazi dairələri üzrə nümayəndəliklərlə növbəti videokonfrans keçirildi
Rayon icra Hakimiyyətinin başçısı şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri ilə növbəti videokonfrans keçirdi.
Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, Ermənistan silahlı qüvvələri iyulun 12-də atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etmişdir.
Beləliklə Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artmasını, beynəlxalq mövqelərinin daha da güclənməsini gözü götürməyən Ermənistan növbəti təxribata əl atmışdır.
Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.
Videokonfrans zamanı koronavirus (COVID-19) infeksiyası ilə bağlı rayon ərazisində mövcud sanitar-epidemioloji vəziyyət haqqında məlumat verildi və yerlərdə karantin rejiminin gücləndirilməsi, mobil qrupların fəaliyyətinin daha da canlandırılması ilə bağlı tapşırıqlar verildi.
Videokonfrans zamanı, həmçinin şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə qəbula gələn vətəndaşlar onlayn qaydada dinlənilmiş, onları narahat edən problemlərin, təkliflərin aidiyyatı üzrə qeydə alınmış və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.