Göyçayın ən böyük yaşayış məntəqəsi olan Bığır kəndinə təbii qaz verilmişdir
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda əhalinin təbii qaza olan tələbatının ödənilməsi üçün mühüm işlər görülür. Rayonun ən böyük yaşayış məntəqəsi olan Bığır kəndinin qazlaşdırılması üçün görülən işlər başa çatdırılmışdır. Kəndə təbii qazın verilməsi münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik etmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkənin bütün bölgələrinin, o cümlədən Göyçayın sürətlə inkişaf etdiyi, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində vacib tədbirlərin görüldüyü xüsusi vurğulanmışdır.
Qeyd edilmişdir ki, son illər rayonda qaz təsərrüfatının inkişaf etdirilməsi, əhaliyə səmərəli xidmət göstərilməsi istiqamətində xeyli işlər görülmüşdür. Məlumat verilmişdir ki, 21 illik fasilədən sonra Göyçay rayonunun Bığır kəndində 78 min 127 poqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilmiş, ümumilikdə 1188 mənzilə fərdi tənzimləyici və sayğac quraşdırılmışdır. Hazırda isə Qarayazı və Məlikkənd kəndlərinin qazlaşdırılması üçün görülən işlər sürətlə davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur. Bu günədək Göyçay şəhərində və 18 kənddə 14 min 375 mənzil qazlaşdırılmışdır. Hazırda rayonda ümumi abonentlərin 60 faizi təbii qazdan istifadə edir və ilin sonunadək bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur. 2014-cü ilədə rayonun bütün kəndlərinin qazlaşdırılacağı bildirilmişdir.
Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin bayrama çevrildiyini bildirmiş və bu sevinci onlara bəxş edən Prezident İlham Əliyevə minnətdarlıq etmişlər. Sonra kəndə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılmışdır. Mərasim iştirakçıları evlərə baş çəkmiş, mavi yanacağın təzyiqini yoxlamışlar.