Ədliyyə naziri Fikrət Məmmədov Göyçayda vətəndaşları qəbul etmişdir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə köməklik edirlər. Növbəti belə qəbul iyunun 11-də Göyçay rayonundakı Heydər Əliyev Mərkəzində keçirilmişdir. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Ağdaş, Ağsu, Zərdab, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Şamaxı, Bərdə, Ağcabədi, Ağdam, Xankəndi və Laçın rayon sakinlərini qəbul edərək onların şikayət və təklifləri ilə tanış olmuşdur. Nazir gün ərzində ümumilikdə 100-dən artıq vətəndaşı qəbul etmişdir.
Qəbul zamanı nazir Fikrət Məmmədov ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat və icra qurumlarının, məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirmiş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün dərhal nazirliyin aidiyyəti üzrə məsul işçilərinə tapşırıqlar vermişdir. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə də baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunacaq. Nazirin qəbuluna gələn vətəndaşlar görüş üçün yaradılan şəraitdən çox razı qaldıqlarını bildirmişlər.
Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış iyunun 5-dən başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq yaradılmış birbaşa yazılmaq imkanı qəbul prosedurunu xeyli asanlaşdırmışdır.