15 iyun 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil dövlətimizin həyatında müstəsna yer tutan günlərdən biri oldu
1993-cü il 15 iyuna qədər ölkədəki kriminagen vəziyyət, qiyamçı Surət Hüseynovun hərbi dəstələrinin döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət etməsi, cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırması, şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumunun səpilməsi bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlaması Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişini şərtləndirən əsas səbəblər olmuşdur.
Heydər Əliyevin hakimiyyətə qayıtmasından əvvəl ölkədəki kriminagen vəziyyət son həddə çatmışdı. Paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi.
Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin önünü bağlayırdı.
AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı. Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi. AXC rəhbərliyinin o illərdə Azərbaycanın siyasi reallıqlarını diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi xarici siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdur.
Bütün bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı. Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü.
Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi. Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi, Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı, ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı, iqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi, iqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi; vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı, ordu quruculuğunda mühüm addımlar atıldı. Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü başladı.
Həmçinin enerji sahəsində “Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar. İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı və Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi. Ulu Öndərin yürütdüyü xarici siyasətin nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu və Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.
Müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli liderimizdir.