TQDK-nın sədri Məleykə Abbaszadə Göyçayda vətəndaşları qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə köməklik edirlər. Növbəti belə qəbul iyunun 5-də Göyçay rayonundakı Heydər Əliyev Mərkəzində keçirilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Göyçay, Ucar, Ağdaş, Şamaxı, Kürdəmir, Zərdab, Ağsu rayonlarından olan 70-dən artıq vətəndaşı şəxsən qəbul edərək onların şikayət və təklifləri ilə tanış olmuşdur.
Məleykə Abbaszadə görüşdə vətəndaşların səsləndirdiyi müraciət və şikayətləri dinləmiş, qaldırılan bəzi məsələlərin yerindəcə həll edilməsinə köməklik göstərmişdir. Təhsil haqqının ödənilməsi, işlə təminat, eləcə də bəzi fənlərin test imtahanlarına salınmasının vacibliyi barədə qaldırılan məsələlər müzakirə üçün nəzarətə götürülmüşdür. Vətəndaşlar eyni zamanda buraxılış, sınaq və qəbul imtahanlarına dair sorğu, fikir və təkliflərini bildirmişlər. Müraciətlərin müəyyən hissəsi isə TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı olmuşdur. Həmin müraciətlər qeydiyyata alınmış və nəzarətə götürülərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılacaqdir. Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.