Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbəri kənd sakinləri ilə görüş-qəbul keçirmişdir

30 may 2013 | 15:00

 

       Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun Məlikkənd kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir. Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyevin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərlərinin iştirak etdiyi qəbulda vətəndaşlara heç bir məhdudiyyət qoyulmadan sərbəst müraciət etmələrinə şərait yaradılmışdır. Ümumilikdə 100-dən çox kənd sakininin iştirak etdiyi görüş-qəbulda Məlikkənd kənd inzibati ərazi nümayəndəsi İstedad Mahmudov çıxış edərək nümayəndəlik barədə məlumat vermişdir. O, bildirmişdir ki, Məlikkənd, Şıxbəy, Şıxəmir kəndlərini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 426 təsərrüfat, 1675 nəfər yaşayır.  Nümayəndəlikdə 2  orta məktəb, 1 həkim ambulatoriyası, bir feldşer-mama məntəqəsi, 1 kitabxana, 1 mədəniyyət evi, bir klub, bir uşaq bağçası, poçt binası və ATS fəaliyyət göstərir. İstedad Mahmudov son vaxtlar, həmin kəndlərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına və digər layihələrə uyğun olaraq bir çox işlərin görüldüyünü bildirmişdir.
       Qeyd edilmişdir ki, ölkə Prezidenti İlham Əliyevin müvafq Sərəncamı ilə ayrılmış vəsait hesabına yeni çəkilmiş Ləkçiplaq-Yalman-Şıxbəy-Şıxəmir-Məlikkənd avtomobil yolunun 7.7 kilometrlik hissəsi Məlikkənd icra nümayəndəliyinin ərazisinə daxildir. Bundan əlavə Şıxbəy məktəbi üçün 180 yerlik məktəb binası tikilmiş, 7.5 kilometrlik kəndarası şirə kanalı təmizlənmiş, 15 kilometr uzunluğunda təsərrüfatlararası kollektor təmizlənmiş, yeni artezian quyusu qazılmış, 5 kilometr uzunluğunda içməli su xətti çəkilmişdir. Elektron ATS və poçt şöbəsi üçün binalar inşa edilmişdir. Hazırda Məlikkənd kəndinin qazlaşdırılması istiqamətində lazımı işlər görülür və artıq magistral qaz xəttinin çəkilişi başa çatmışdır. Bu il inzibati ərazi nümayəndəliyinə daxil olan 3 kənddə 960 hektar sahədə yazlıq və payızlıq əkin aparılmışdır ki, bunun 400 hektarı taxıl sahələrinin payına düşür.    

       Görüşdə Məlikkənd və Şıxbəy kənd məktəblərinin direktorları Xuraman Abdullayeva və Gülbəniz Maqsudov, kənd sakinləri Kərəm Hüseynov, Nazim İbadov, Şəfiqə Mehdiyeva, Oqtay Mirzəliyev və başqaları çıxış edərək ölkədə, rayonda və yaşadıqları kəndlərdə gedən quruculuq-abadlıq işlərindən danışmışlar. Onlar Prezident İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək görülən abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
       Qəbulda kənd sakinləri həyətyanı torpaq sahələrinin tanıdılması, elektrik dirəklərinin və içməli su xətlərinin təmiri, yeni elektron ATS-in internetə qoşulması ilə bağlı müraciətlər etmişlər.
      Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev  respublikamızın bugünkü hərtərəfli inkişafı barədə danışmışdır. O, qeyd etmişdir ki, dövlət səviyyəsində qəbul edilən proqramların, xüsusən də regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası ilə əlaqədar görülən işlər nəticəsində Göyçay rayonunda, eləcə də Məlikkənd, Şıxbəy və Şıxəmir kəndlərində abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Bu gün həmin kəndlərin təbii qazla təmin olunması üçün işlər görülür, kəndlərin mərkəzi yoluna asfalt örtük döşənmişdir. Rüfət Əliyev bildirmişdir ki, Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir. Kəndlərdə kənddaxili yollar təmir edilir, elektrik və qaz təsərrüfatında yenidənqurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.

       Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov Məlikkənd, Şıxbəy və Şıxəmir kənd əhalisinin problemlərini dinləmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər