Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə qərargah üzvlərinin növbəti iclası keçirildi
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır.
13 aprel 2020-ci il tarixdə Göyçay rayonunda koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə keçirilən iclasda bildirildi ki, rayon icra hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarından, könüllülərdən təşkil olunan mobil qrupların fəaliyyəti daha da gücləndirilib.
Rayonun bütün yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı mütəmadi dezinfeksiya işləri aparılır, virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar ailələrə çatdırılır, səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqda çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri və evda qalmaları izah edilir.
Göyçay rayonunda koronavirus pandemiyasının yayılma təhlükəsi ilə əlaqədar tətbiq olunan gücləndirilmiş karantin rejimi günlərində təşkil olunan “Biz birlikdə güclüyük” xeyriyyə aksiyasından xeyli sakin yararlanmış, həmçinin həyata keçirilən tədbirlər çərçivəsində xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirilmişdir.
Xüsusi qərargahın iclasında rayon ərazisində aparılan dezinfeksiya işlərinin artırılması, inzibati məsuliyyət tədbirlərinin gücləndirilməsi, səhiyyə xidmətinin daha da yaxşılaşdırılması, eyni zamanda ölkə Prezidentinin haqqı ödənilən ictimai işlərin təşkili üçün qeyri-məşğul əhalinin cəlb olunması ilə bağlı göstərişlərin icra olunmasının vacibliyi bir daha vurğulanaraq aidiyyəti üzrə tapşırıqlar verildi.