Nəqliyyat naziri Göyçayda vətəndaşlarla görüşüb
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə köməklik edirlər. Növbəti belə qəbul mayın 17-də Göyçay rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib. Nəqliyyat naziri Ziya Məmmədov Göyçay, Ucar, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Zərdab, Ağsu, Ağcabədi və Laçın rayonlarından olan 30-dan artıq vətəndaşı şəxsən qəbul edərək onların şikayət və təklifləri ilə tanış olub. Vətəndaşlarla görüşdə nəqliyyat naziri ilə yanaşı, Milli Məclisin deputatı, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Cingiz Baxişev və nazirliyin digər rəsmiləri iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov görüşdə vətəndaşların səsləndirdiyi müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib. Vədəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yollarının bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub. Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapıb, aidiyyatı üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər
Xatırladaq ki, vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələrində elan olunan məlumata əsasən nazirliyin yerli idarələri ilə əlaqə saxlayaraq qəbula yazılıblar.