31 mart - Azərbaycanlıların Soyqırımı günüdür
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.
Göyçay savaşında yaralanmış türk əsgərlərinin böyük bir hissəsi Gəncə, Xanlar və Goranboy aparılmışlar. Bəzi şəhidlər isə İslam adət-ənənəsinə uyğun olaraq şəhid olduqları yerdə dərhal torpağa tapırılmışlar. Bu məzarlardan bəziləri Göyçay, Qaraməryəm və Bığır bölgələrindədir. Türk əsgəri Anadolunun bağrından qopub, Qaf dağından yüksələn imdad fəryadına yardıma gəlmiş və özlərinə heç də yabançı olmayan bir başqa vətən torpağının qara bağrında əbədi yuxuya getmişlər.
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 ildən artıq zaman ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həsaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il tarixli «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilmişdir. Həmin ildən respublikamızda 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.
Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. Bu kimi faciələrin gələcək nəslin yaddaşından silinməməsi məqsədilə ölkədə faciələrimizi əks etdirən abidələr ucalır.
Tariximizi unutmamaq məqsədilə doğma Göyçayımızda da “Azərbaycanlıların soyqırımı” abidə kompleksi yaradılmış və kompleksdə hər il 31 mart - Azərbaycanlıların soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad etmək məqsədilə həmin abidə önünə hər il Göyçaylılar gül-çiçək dəsətələri düzürlər. Lakin bu gün sosial izolyasiya qaydalarına riayət etdikləri üçün Göyçaylılar faciəni evlərində anır və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün soydaşlarımızın əziz xatirəsini yad edirlər.
İnanırıq ki, ildən ilə çiçəklənən dövlətimizin qüdrəti və milli ordumuzun gücü ilə şəhidlərimizin qanı yerdə qalmayacaqdır.