Göyçayda iki yeni orta məktəb binası istifadəyə verilmişdir
Göyçay rayonunun 2 kəndində yeni inşa olunmuş məktəb binaları istifadəyə verilmişdir. Bu münasibətlə mayın 10-da Şəkili və Ulaşlı-Şıxlı kəndlərində təşkil olunan mərasimdən öncə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Tədbirlərdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, təhsil şöbəsinin müdiri Asif Nəbiyev çıxış edərək dövlət başçısı İlham Əliyevin təhsilə qayğısından bəhs etmiş, ölkədə gənclərin mükəmməl təhsil alması, eləcə də bölgələrdə yeni məktəblərin inşa edilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışmışlar.
Qeyd edilmişdir ki, son illər Göyçay rayonunda orta məktəblər üçün yeni binaların inşası, eləcə də məktəb binalarının əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi geniş vüsət almışdır. Bu gün müəllim və şagirdlərin istifadəsinə verilən 220 yerlik Ulaşlı-Şıxlı və 80 yerlik Şəkili kənd məktəblərinin inşası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilmişdir. Hər iki məktəb istilik sistemi ilə təchiz edilmiş, sinif otaqları, fənn kabinetləri və laboratoriyalar, yeməkxana, idman zalı və kitabxanalar müasir səviyyədə qurulmuşdur. Məlumat verilmişdir ki, hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə şahmat məktəbinin əsaslı təmiri və rayon icra hakimiyyətinin sifarişi ilə Göyçay şəhər 1 nömrəli uşaq bağçası üçün 40 yerlik yeni binanın tikintisi sürətlə davam etdirilir.
Mərasimdə çıxış edənlər yeni təhsil ocaqlarının açılışı münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara təhsildə yeni-yeni uğurlar arzulamışlar. Sonra mərasim iştirakçıları yeni məktəb binalarında yaradılmış şəraitlə tanış olmuşlar.