Göyçayda möhtəşəm “Gül bayramı” keçirilmişdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Göyçay şəhərində keçirilən ənənəvi “Gül bayramı” ulu öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramın daha bir nümayişinə çevrilmişdir. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yubileyi ilə əlaqədar müxtəlif yerlərdən gətirilmiş ətirli güllərdən, bahar çiçəklərindən, digər təbii gözəlliklərdən ayrı-ayrı kollektivlərin toxuduqları, sərgilədikləri çoxsaylı ekspozisiyalar meydanı nəhəng bir xalçaya çevirmişdir.
Bayrama hazırlıq dövründə şəhər ərasizində aparılan genişmiqyaslı abadlıq və təmizlik işləri çərçivəsində hər həftə iməclik keçirilmiş, minlərlə yeni ağac və gül kolları əkilmiş, əvvəl əkilən yaşıllıqlara qulluq göstərilmişdir. Bu işlər çərçivəsində Heydər Əliyev parkına, şəhərin mərkəzi küçələrinin kənarına və sosial obyektlərin ətrafına minlərlə gül əkilmişdir ki, bu da şəhərə xüsusi bir gözəllik və yaraşıq verməkdədir. Mayın 6-da rayon sakinlərinin sevimli istirahət guşəsi olan Heydər Əliyev parkını və meydanını milli musiqi təranələri, təntənəli marşların sədaları bürümüşdü. Parkda quraşdırılmış səyyar səhnə bayramın mahnı, rəqs və şənlik mərkəzinə çevrilmişdi. Üzlərdəki sevinc, dodaqlardakı xoş sözlər, könüllərdəki xoş ovqat “Gül bayramı”nın tənətənəsi dəqiqələr ötdükcə daha da artırırdı.
Ümummilli lider Heydər Əliyevin, dövlət rəmzlərimizin gül-çiçəkdən toxunmuş çeşidli lövhələri ulu öndərə xalq sevgisinin, onun qurub-ucaltdığı müstəqil dövlətimizə övladlıq borcunun ətirli və təravətli görüntüləri kimi hər kəsin diqqətini cəlb edirdi. Şagirdlər, gənclər, rayonda yaşayan bədii tərtibat ustaları, gənc dizaynerlər, sanki, bir-birindən ifadəli əsərləri ilə nəhəng bir gözəllik yarışmasına toplaşmışdılar. Bayramın gözəl və yaddaqalan keçməsi üçün Göyçay rayonundakı idarə və müəssisələr canlı və süni güllərdən düzəldilmiş ekspozisiyalar hazırlamışlar. Rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmişdir. Şagirdlərin nümayiş olunan fantaziyaları bayram tədbirində iştirak edən rayon sakinlərinin, çoxsaylı qonaqların diqqətini cəlb etmişdir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, idarə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri parkı gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər. Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda minlərlə göyçaylının iştirak etdiyi gül bayramında müxtəlif növ gül və çiçəklərdən hazırlanmış çələnglər, dahi şəxsiyyət Heydər Əliyev və Prezident İlham Əliyevin güldən hazırlanmış portreti, milli mənəvi dəyərləri əks etdirən maddi-mədəniyyət nümunələri, məktəblilərin əl işləri nümayiş etdirilmişdir. Milli geyimdəki oğlan və qızlar şer və mahnılar ifa etmişlər. Tədbirdə gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif əsərlər arasında ümummilli liderimiz Heydər Əliyevlə bağlı kompozisiyalar, güllə işlənmiş maketlər bayram iştirakçılarının diqqətini xüsusilə cəlb etmişdir. Tədbir respublikanın tanınmış müsiqiçilərinin iştirak etdiyi konsert proqramı ilə davam etdirilmişdir.