Göyçayda yeni körpələr evi- uşaq bağçaları tikilir
Respublikamızın bütün bölgələrində olduğu kimi Göyçay rayonunda da yeni uşaq bağçaları tikilir, mövcud uşaq tərbiyə müəssisələri əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilir.
Göyçay şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərdə 4, 8 nömrəli bağçalar üçün müvafiq olaraq 2 və 3 qruplu, Çayarxı kəndində 1 qruplu uşaq bağçası-körpələr evinin tikintisinə başlanılıb. Hazırda binaların bünövrəsi qazılır, dəmir-beton işləri görülür.
Bağçalar uşağların təlim-tərbiyəsi üçün körpələr evi zəruri avadanlıqla təmin olunacaq, onların dünyagörüşünün artırılması, sağlamlığının qorunması üçün nümunəvi şərait yaradılacaqdır. Uşaq bağçalarının bu ilin sonuna kimi tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Son bir ildə Heydər Əliyev Fondu hesabına rayonun Müskürlü və Qarabaqqal kəndlərində 40 yerlik uşaq bağçası tikilərək istifadəyə verilmişdir. Gələcəkdə təmirə ehtiyacı olan digər bağçalarda da əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.