Göyçayda “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda konfrans keçirilmişdir
Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Göyçay şəhərində “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda konfrans keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən konfransda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, icra başçısının müavini Rəxşəndə Rəcəbova çıxış edərək müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən, ölkənin inkişafındakı xidmətlərindən danışmışdır.
Natiqlər qeyd etmişlər ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə daim ölkəsinin inkişafı naminə, xalqın gələcəyi uğrunda əlindən gələni etmişdir. Bu gün Azərbaycanı quran və inkişaf etdirən kadrları ötən əsrin 70-80-ci illərində məhz Heydər Əliyev hazırlamışdır. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra respublikada özbaşınalıq, anarxiya hökm sürməyə başlamış, ölkə vətəndaş müharibəsi və xırda dövlətlərə parçalanmaq təhlükəsi qarşısında idi. Belə bir ağır şəraitdə dahi rəhbər Heydər Əliyevə böyük ehtiyacın olduğunu dərk edən Azərbaycan xalqı onu ölkə rəhbərliyinə gətirmişdir. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəyə rəhbərliyi dövründə konstitusiya qəbul edilmiş, respublikada ölüm hökmü ləğv olunmuş, neft-qaz yataqları yenidən işlənmiş və yanacaq dünya bazarına çıxarılmışdır.
Dahi rəhbərin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmamışdı ki, orada inkişaf və yeniliklər olmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə tənəzzüldən inkişaf mərhələsinə qədəm qoymuşdur. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir. Tədbirdə məktəblilərin dahi şəxsiyyət Heydər Əliyevə həsr etdiyi şeir və mahnılar hamını heyrətləndirmişdir.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən inşa yazı müsabiqəsinin, respublika fənn olimpiadasının, ölkə çempionatının mükafatçılarına, mədəniyyət sahəsində uğur qazanan şəxslərə qiymətli hədiyyələr təqdim etmişdir.