Göyçayda böyük yazıçı dramaturq və publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olundu
Noyabr ayının 8-də Göyçay şəhər parkında Əbədiyaşar Ədiblər Kompleksində böyük yazıçı dramaturq və publisist Cəlil Məmmədquluzadənin və Azərbaycan musiqisini dünyada tanıdan dahi Üzeyir Hacıbəyovun da büstlərinin açılış mərasimi olmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatları Sabir Hacıyev, Elman Nəsirli, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı, xalq şairi Fikrət Qoca, Sabir Rüstəmxanlı və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirdi ki, ölkə prezidenti İlham Əliyev cənabları Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, yazıçı, dramaturq və ictimai xadimlərinə böyük diqqətlə yanaşır və onları yubileylərinin qeyd olunması ilə bağlı Sərəncamlar imzalayır. Bu baxımdan 2019-cu il daha əlamətdar oldu. Belə ki, bu il klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ana dilli poeziyamızda fəlsəfi şeirin əsasını qoyan dahi şair Seyid İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi qeyd edilir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan etmişdi.
Bu il böyük yazıçı dramaturq və publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunur. Eyni zamanda Azərbaycan musiqisini dünyada tanıdan dahi Üzeyir Hacıbəyovun da büstü burada yer almış və düşünürük ki, Azərbaycan dramaturgiyasının Mirzə Cəlili və Azərbaycanın musiqi incisi Üzeyir Hacıbəyovun xalqı maarifləndirmək, oyatmaq üçün satira janrına üz tutmaları bu günki günümüzdə də aktual olduğunu vurğuladı.
Tədbirdə çıxış edənlər Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər.
Tədbir rayon Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etmişdir.