Göyçay rayonunun Yenirax kəndində həkim məntəqəsinin açılışı
29 oktyabr 2019-cu il tarixdə Yaponiyanın Azərbaycandakı Səfirliyinin Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı layihəsinə əsasən Göyçay rayonu Yeniarx kəndində yeni inşa edilmiş “Yenirax kənd həkim məntəqəsi”nin açılış mərasimində Yaponiyanın Azərbaycandakı Səfirliyinin müşaviri, rayon İcra Hakimiyyətinin başçısının müavini, mərkəzi rayon xəstəxanasının baş həkimi və kollektivi, həmçinin kənd sakinləri iştirak edirdilər.
Tədbirdə İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova Yaponiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi Yapon xalqından bizlərə hədiyyə olunan Yeniarx kənd həkim məntəqəsinin tikilərək istifadəyə verilməsinə görə Yapon xalqına, Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinə, ələxsus səfir Teruyuki Katorı cənablarına Yeniarx kənd ictimaiyyəti adından və öz adımdan dərin təşəkkür və minnətdarlığını bildirdi. Bu artıq 7-ci layihədir ki, rayon sakinlərinə hədiyyə edilir.
Məlumdur ki, Azərbaycan və Yaponiya arasında sosial-iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etməsi müstəqilliyin ilk illərində Azərbaycan dövləti üçün böyük kömək olmuşdur.
Ölkələr arasındakı əlaqələrin böyük bir qismi enerji məsələlərini əhatə edir. Həmçinin Yaponiyanın “İmpex” şirkəti Azərbaycanda İnvestisiya layihələrində fəal iştirak etmiş və “Əsrin müqaviləsi” çərçivəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisində fəal iştirak etmişdir.
Yaponiya mütəxəssislərinin ölkəmizdə səhiyyə infrastrukturunun genişlənməsi, təhsil sahəsi, uşaq bağçalarına yetirilən diqqət biz Göyçaylılardan da yan keçməmişdir.
Sonra rayon İcra Hakimiyyəti başçısının Yenirax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədov, Yenirax kənd həkim məntəqəsinin müdir əvəzi Məryəm Tağıyeva və kənd ağsaqqallı çıxışlarında kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Göyçay rayonunda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər. Onlar son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.