Novruz bayramı Göyçayda yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir
Xalqımızın ən əziz bayramı olan Novruz Göyçay rayonunda el şənliyi kimi geniş qeyd olunmuşdur. Heydər Əliyev Mərkəzinin qarşısında minlərlə sakinin iştirakı ilə keçirilən bayram tədbirində çıxış edənlər xalqımızı Novruz bayramı münasibətilə təbrik etmiş, ölkəmizdə milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər. Bu bayramın respublikamızın hər bir guşəsində olduğu kimi, Göyçayda da böyük ruh yüksəkliyi ilə qeyd olunduğu bildirilmişdir.
Natiqlər son illərdə rayonun sosial-iqtisadi həyatında böyük dəyişikliklərin baş verdiyini nəzərə çarpdırmış və bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığını bildirmişlər. Bayram tədbirində tonqal qalanmış, müxtəlif milli oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin sərgisi nümayiş etdirilmişdir. Meydana milli paltarda daxil olan atlılar məharətlərini nümayiş etdirmişlər. Gənc idmançıların çıxışları maraqla qarşılanmışdır. Bayramsayağı bəzədilmiş meydanda Respublikanın incəsənət ustaları və rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmiş, Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu və məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.