Göyçayda dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə tədbir keçirildi
18 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28 ildönümü münasibətilə rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospekti istiqamətində “Qarabağ Azərbaycandır!” süarı altında Ülu Öndərin abidəsinədək yürüş keçirildi. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.
Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbiri rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova giriş sözü ilə açaraq bildirdi ki, müstəqil bir dövlətə sahib olmaq, öz müqəddəratını və taleyini müstəqil şəkildə təyin etmək bir xalqın əldə edə biləcəyi ən böyük nailiyyətdir. Bir millətin qazana biləcəyi digər nailiyyətlər yalnız müstəqil dövlətə sahib olduqda mümkündür. Təsadüfi deyildir ki, dünyada 5 minə yaxın xalq mövcud olduğu halda cəmi 200 dövlət var. Azərbaycan xalqı tarix böyu özünün dövlətçilik ənənələrinə malik olmuş, işğalçılara və imperializmə qarşı mübarizə aparmış və təkcə XX əsrdə iki dəfə öz müstəqilliyini əldə etmişdi. Birinci dəfə cəmi 23 ay sürən müstəqilliyimizin ikinci dəfə 1991-ci ildə bərpa edildikdən sonra ömrü daha qısa ola bilərdi. Lakin, Ulu Öndərin qəti siyasi iradəsi nəticəsində müstəqilliyimiz nəinki qorundu, hətta dinamik şəkildə inkişaf etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək qeyd etdi ki, bu gün hər bir azərbaycanlının müqəddəs borcu və vəzifəsi müstəqil dövlətimizi qorumaq, onun inkişafına və tərəqqisinə nail olmaq, prezidentimizin daxili və xarici siyasətini müdafiə etmək, Azərbaycanın inkişafı və xoşbəxtliyi uğrunda mübarizələrdə onun ən yaxın köməkçiləri olmaqdır. Məlum olduğu kimi hazırda gündəmin əsas mövzularından biri Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda etdiyi çıxış Qarabağ həqiqətləri, Ermənistanın işğalçılıq siyasətini tutarlı faktlarla bir daha ifşa etməsidir. “Qarabağ Azərbaycandır və nida işarəsi” hərəkatı xalqımızı torpaqlarımızın işğaldan azad edilməsinə doğru məqsədini daha da yaxınlaşdırır.
Sonra Gənclər və idman İdarəsinin rəisi Elşən Şirinov, 17 saylı Şuşa məktəbinin müəllimi Səməd Şuşalı və gənclər adından Yekəxana kənd məktəbin müəllimi Aysel Məmmədova çıxış etmişlər.
Sonda rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edən tədbirdə Güləş idman növü üzrə Beynəlxalq idman yarışlarındakı nailiyyətlərinə görə Qismət Eyyubov, Vasif Məmmədov rayon İcra Hakimiyyəti başçısının təşəkkürnaməsi ilə təltif olunmuşlar