Göyçayda Ehsan Kərimovun anadan olmasının 86 illiyinə həsr edilmiş güləş üzrə V respublika turniri başa çatmışdır
Göyçayda bədən tərbiyəsi və idman xadimi, Əməkdar İdman Ustası və Əməkdar Məşqçi, Ehsan Kərimovun anadan olmasının 86 illiyinə həsr edilmiş güləş üzrə V respublika turniri keçirilmişdir. Göyçay Olimpiya İdman Kompleksində keçirilən xatirə turnirinin açılış mərasimində rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz İbrahimov, gənclər və idman idarəsinin rəisi Elşən Şirinov, Ehsan Kərimovun oğlu professor Afiq Kərimov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından, qazanılan uğurlardan danışmışlar. Bildirilmişdir ki, Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Göyçay Olimpiya İdman Kompleksi tez bir zamanda rayonda idman hərəkatının geniş vüsət almasına səbəb olmuşdur.
Çıxış edənlər 1927-ci ildə Göyçay şəhərində anadan olmuş tanınmış güləşçi Ehsan Kərimovun həyat və fəaliyyətindən, idman sahəsində əldə etdiyi uğurlardan söz açmışlar.
Dörd gün davam edən sərbəst və yunan-Roma güləşi üzrə yarışda 30 şəhər və rayondan 400-dənartıq yeniyetmə və gənc idmançı qüvvəsini sınamışdır. Yarışı Azərbaycan Güləş Federasiyasının hakimlər kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyevin rəhbərlik etdiyi hakimlər idarə etmişdir. On çəki dərəcəsi üzrə ilk 3 yeri tutanlara medal və diplomlar verilmişdir. Yarışın təşkilat komitəsi gələcəkdə bu turnirin beynəlxalq səviyyədə təşkil edilməsini nəzərdə tutur.