44 günlük Vətən müharibəsində şəhid olanların dördüncü ildönümü qeyd edilib
17 noyabr 2024-cü il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Həsənov Maarif Rahim oğlunun və Yenikənd kəndində Kərimli Azad Elşad oğlunun dördüncü ildönümləri məzarları önündə qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, Göyçay rayon Polis şöbəsinin rəisi, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri və rayon ictimaiyyətinin üzvləri şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.
Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Həsənov Maarif Rahim oğlu 19.11.1999-cu il tarixdə Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmişdir. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və 17 noyabr 2020-ci il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Kərimli Azad Elşad oğlu 07.02.1997-ci il tarixdə Göyçay rayonunun Yenikənd kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmişdir. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 17 noyabr 2020-ci il tarixdə rayonun Yenikənd kəndində dəfn olunmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.