44 günlük Vətən müharibəsi şəhidlərinin beşinci ildönümü məzarları önündə qeyd olunub
Oktyabrın 26-da Vətən müharibəsində şəhid olan Çayarxı kənd sakini Hacıyev Toğrul Siyavşah oğlunun və Alpout kənd sakini Mikayılov Elvin Nizami oğlunun beşinci ildönümü məzarları önündə qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİHB-nın kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, Göyçay Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi, bələdiyyə sədrləri, rayon Ağsaqqallar Şurasının sədri şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.
Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Şəhid Hacıyev Toğrul Siyavşah oğlu 04.02.1991-ci il tarixdə Göyçay rayonunun Çayarxı kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 26 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Mikayılov Elvin Nizami oğlu 01.08.1986-ci il tarixdə Göyçay rayonunun Alpout kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmişdir. 26 oktyabr 2020-ci il tarixdə Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






