Göyçay şəhəri İtalyanın Valmontone şəhəri qardaşlaşmışdır
İtalyanın Valmontone şəhərini təmsil edən nümayəndə heyəti Göyçay rayonuna səfər etmişdir. Valmontone şəhərinin vitse-meri Roberto Malaspinanın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri əvvəlcə Göyçay şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Sonra Göyçay rayon İcra Hakimiyyətində italiyalı qonaqlarla görüş keçirilmişdir. Milli Məclisin deputatları Şəmsəddin Hacıyev və Sabir Hacıyevin, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək rayon haqqında ətraflı məlumat vermişdir.
O, bildirmişdir ki, rayon əhalisi əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Göyçay həm də narı və uca çinarları ilə dünyada şöhrət tapmışdır. Rayon rəhbəri məlumat vermişdir ki, hər il ənənəvi olaraq keçirilən nar festivalı böyük əhəmiyyət kəsb edir. İtaliya və Azərbaycan əlaqələrindən söz açan natiq qonaqların Göyçaydan zəngin təəssüratla ayrılacaqlarına, ikitərəfli layihələrin uğurla həyata keçiriləcəyinə inam hissi ifadə etmişdir. Valmontone şəhərinin vitse-meri Roberto Malaspina, meriyanın mədəniyyət və turizm departamentinin məsul işçisi Massimiliano Bellotti, Valmontone Kənd Təsərrüfatı Universitetinin nümayəndəsi Covanni Valentino, "Doniamoun Sorriso" (Təbəssüm bəxş edək) Assosiasiyasından Françesko d'Erriko təmsil etdikləri şəhər və qurumlar haqqında məlumat vermişlər.
Bildirmişlər ki, Romadan təxminən 40 kilometr aralıda yerləşən Valmontone əsasən turizm şəhəri kimi tanınır. Xüsusilə Göyçayda yetişdirilən nar məhsulları ilə maraqlandıqlarını diqqətə çatdıran qonaqlar təhsil və aqrar sahələrdə də əməkdaşlıq etmək istədiklərini bildirmişlər. Valmontone Aqrar Universitetinin 700-800 hektar ərazisində Göyçaydan aparılacaq nar tingləri əkilməsi niyyətlərini dilə gətirmişlər. Onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən italiyalı qonaqlar xalqımızın zəngin adət-ənənəsinə, mətbəxinə məftun olduqlarını söyləmişlər. Hər iki tərəf bir-birlərinə xatirə hədiyyələri və məlumat kitabçaları təqdim etmişlər. Sonra Valmontone və Göyçay şəhərlərinin qardaşlaşması haqqında müqavilə imzalanmışdır.
Qonaqlar Göyçay rayonuna ikigünlük səfəri zamanı Şəhidlər Xiyabanını ziyarət etmiş, Heydər Əliyev Mərkəzinə, rayon tarix-diyarşunaslıq muzeyinə, Bioloji Təbabət Klinikasına, şəhər 1 saylı tam orta məktəbə, Göyçay Olimpiya İdman Kompleksinə baş çəkmiş, “AzNar” ASC və "Göyçay-Süd” ASC-də istehsal prosesi ilə tanış olmuşlar.