Rayonun Ləkçıplaq, Mırtı, Veysəlli və Cəyirli kəndlərində barama saxlayan kumdarlarla görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının regionlarda aqrar sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Göyçay rayonunda baramaçılığın inkişafına xüsusi diqqət göstərilir.
Rayonda barama qurdlarının becərilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə rayon icra hakimiyyəti başçısının rəhbərlik etdiyi işçi qrup Ləkçıplaq, Mırtı, Veysəlli və Cəyirli kəndlərində kumdarlarla görüş keçirib.
Yerlərdə keçirilən görüşlər zamanı rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə ölkəmizdə baramaçılığın inkişafı istiqamətində görülən işlərdən söz açaraq "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamını bu sahənin inkişaf etdirilməsi istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirib.
İşçi qrupu rayonun Ləkçıplaq, Mırtı, Veysəlli və Cəyirli kəndlərində barama saxlanılması üçün yaradılan şəraitlə tanış olub. Yetişdirilən barama qurdlarına baxış keçirildi və onların yem bazası ilə təminatının vəziyyəti haqqında maraqlanıldı.
Rayon rəhbəri tərəfindən barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyyə və tapşırıq verildi.