“Göyçay şəhərində məktəblərin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir
Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində “Göyçay şəhərində məktəblərin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir. Fevralın 12-də rayon icra hakimiyyətində keçirilən tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Hervard, rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz İbrahimov, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev çıxış edərək layihə barədə geniş məlumat vermişdir.
Bildirilmişdir ki, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin təşəbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Göyçay şəhər 6 saylı orta məktəbdə və internat məktəbində yeni sanitar qovşağı tikməklə müəllim və şagirdlər üçün yüksək səviyyədə gigiyenik şərait yaxşılaşdırılacaqdr. Bu Yaponiya səfirliyinin, BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF), valideyn- müəllim assosiasiyalarının ilə birgə həyata keçirilən pilot layihədir. Ümumi dəyəri 123 min 342 dollar olan bu sınaq layihənin uğurundan asılı olaraq gələcəkdə Azərbaycanın digər rayonlarında da bu cür işlərin həyata keçirilməsi planlaşdırılır. Məlumat verilmişdir ki, məktəblərdə sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına yönəlik fəaliyyətlərin həyata keçirilməsinə çox böyük ehtiyac vardır. Bu layihə çərçivəsində müasir sanitar-gigiyenik standartlara cavab verən sanitar qovşaqların və hamamın tikilməsi, onların davamlı olaraq isti və soyuq su ilə təmin olunması, uşaqların bu sahədə maarifləndirilməsi üçün görüşlərin keçirilməsi, məlumat kitabçalarının paylanılması, fiziki qüsurlu şagirdlər üçün zəruri şəraitin yaradılması nəzərdə tutulur.
Tədbirdə məlumat verilmişdir ki, Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində bugünədək Göyçay rayonunda sel və daşqınların nəticələrinin aradan qaldırılması, şəhərin su təchizatı sisteminin yaxşılaşdırılması, Alpoud kənd məktəbi üçün yeni binanın tikintisi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasınin inzibati binasının əsaslı təmiri və məktəblərin gigiyenik şəraitinin yaxşılaşdırılması üçün ümumilikdə 444 min 203 dollar vəsait ayrılmışdır. Proqram çərçivəsində bugünədək ölkəmizdə 164 layihə həyata keçirilmiş və bunun üçün ümumilikdə 13 milyon 12 min 807 dollar vəsait xərclənmişdir.
Çıxışlardan sonra qrant müqaviləsi imzalanmışdır. Müqaviləni Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe və layihənin icraçısı olan “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev imzalamışdır.