Göyçaylı məktəblilər də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ rayonuna yola düşüblər
Məktəblilərin vətənpərvərlik tərbiyəsində, onların Azərbaycanımızın tarixini, maddi-mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan bu tur-aksiya hamı tərəfindən minnətdarlıqla qarşılanır.
Bu fikirlər martın 23-də Göyçayda “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində yuxarı sinif şagirdlərindən ibarət 40 nəfərlik qrupun Qəbələ-Şəki-Zaqatala istiqamətinə yolasalma mərasimində səsləndirilib.
Tur-aksiya iştirakçıları şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Sonra Heydər Əliyev Mərkəzinə gələn şagirdlərə müasir Azərbaycanın qurucusu və memarının zəngin həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən fotostendlər və sənədlər əsasında ətraflı məlumat verilib.
Yolasalma mərasimində rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çıxış edərək tur-aksiya iştirakçılarına uğurlu yol arzulayıb, onlara getdikləri Qəbələ, Şəki və Zaqatala rayonlarının tarixi, maddi-mədəniyyəti, dinamik sosial-iqtisadi inkişafı ilə ətraflı tanış olmağı, şən və mənalı istirahət arzulayıb.
Sonda məktəblilər milli musiqi sədaları altında yola salınıblar.