Göyçayda yanğın, partlayış və dəm qazından zəhərlənmə ilə bağlı reyd keçirilmiş, əhali geniş maarifləndirilib
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə yanvarın 14-də Göyçay şəhərində yaşayış binalarında və fərdi mənzillərdə təhlükəsizlik qaydaları ilə bağlı reyd keçirilib, maarifləndirmə işləri görülüb. Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi polkovnik-leytenant Rəşad Əbilovun rəhbərlik etdiyi 40 nəfər yanğın nəzarəti üzrə mütəxəssis, eləcə də Göyçay rayon İcra Hakimiyyətinin, rayon qaz istismar sahəsinin, paylayıcı elektrik şəbəkəsinin və mənzil istismar sahəsinin nümayəndələri evlərin mətbəxinə, vanna otağına və damına baxış keçirib, qaz cihazlarının, tüstü bacalarının, havadəyişmə sisteminin fəaliyyəti yoxlanılıb, aşkar edilən nasazlıqların aradan qaldırılması üçün vətəndaşlara təlimat verilib.
Evlərdə qaz sızmaları, dəm qazından zəhərlənmə, qaz partlayışları və yanğın hadisələrinin baş verməməsi üçün görülməsi vacib olan işlər barədə vətəndaşlar geniş məlumatlandırılıb, ev sahiblərinə “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir” adlı yaddaş vərəqəsi verilib. Mütəxəssislər 10 qrupa bölünərək gün ərzində Göyçay şəhərinin 20 yaşayış binasına baxış keçirib, ümumilikdə 700-dən çox mənzildə yanğın, partlayış və dəm qazından zəhərlənmə ilə bağlı təhlükəsizlik qaydalarına əməl edilib-edilməməsi yoxlanılıb, əhali arasında lazımi izahat işləri aparılıb.