Dekabrın 12-də Göyçay rayon ictimaiyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününü qeyd edib.
Mərasimdə iştirak edən rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, təhsil və səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar və gənclər görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Bütün bunlara görə xalqın Ümummilli Lideri səviyyəsinə yüksələn Heydər Əliyev heç vaxt unudulmayacaq, daim Azərbaycan xalqının qəlbində yaşayacaq.
Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan icra hakimiyyətinin başçısı Azərbaycan xalqının bu siyasəti yüksək dəyərləndirdiyini və Prezidentin ətrafında daha sıx birləşdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.