Göyçayda 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu
22 noyabr 2018-ci il tarixdə Göyçay rayonunda Azərbaycan Respublikası Ədliyyə orqanlarının yaranmasının 100 illiyi və “22 noyabr Ədliyyə işçilərinin peşə bayramı” münasibəti ilə Yeni Azərbaycan Partiyası rayon təşkilatında tədbir keçirilib.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı, rayonun ədliyyə, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından, Göyçay rayonunda son illər görülən işlərdən danışıb.
Göyçay Rayon Məhkəməsinin sədri Zəfər Quliyev ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək, hər il noyabr ayının 22-nin milli dövlətçiliyimizin inkişafında müstəsna rolu olan ədliyyə orqanları işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayıb. Bildirilib ki, zəngin ənənələrə və 100 illik tarixi keçmişə malik Azərbaycan ədliyyəsi məhz Ulu Öndərin rəhbərliyi ilə yenidən formalaşıb və köklü məhkəmə-hüquq islahatlarına başlanılıb.
Daha sonra tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Göyçay Reginal idarəsinin aparıcı məsləhətçisi Ramin Musayev, rayon VVAQ şöbəsinin rəisi Könül Məmmədova çıxışlarında ədliyyənin tarixindən, ölkəmizdə aparılan uğurlu hüquq islahatlarından söhbət açıb, ədliyyə orqanlarının qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıblar.
Tədbirin sonunda bir qrup ədliyyə işçilərinə rayon rəhbəri tərəfindən qiymətli hədiyyələr, fəxri fərmanlar təqdim olunub.