Göyçayda “Azərbaycan narının multidissiplinar funksiyası” mövzusunda beynəlxaq elmi konfrans keçirilib.
Noyabrın 29-da Göyçayda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, AMEA-nın Folklor İnstitutunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan narının multidissiplinar funksiyası” mövzusunda beynəlxaq elmi konfrans keçirilib.
YAP rayon təşkilatının inzibati binasında keçirilən konfransın iştirakçıları əvvəlcə foyedə Göyçay rayonu üzrə xalq yaradıcılığı nümunələrinin sərgisi ilə tanış olublar. Konfrans “Bir dünya - min millət” sənədli filminin nümayişi ilə başlanıb. Filmdə Göyçayda narçılığın inkişafı, nar meyvəsi barədə ətraflı bilgilər verilib, habelə narla bağlı keçirilən elmi konfrans və nar bayramlarından bəhs olunub.
Sonra rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə konfransı açaraq vurğulayıb ki, bu gün ölkəmizdə aqrar siyasətin əsas prioritet istiqamətlərindən biri kimi ənənəvi əkinçiliyin bir çox sahələri ilə yanaşı, bağçılığın da inkişafı diqqət mərkəzindədir. Göyçay rayonu respublikamızda yetişdirilən məhsulların növlərinə və fərqliliyinə görə, o cümlədən tarixi uzaq əsrlərə gedib çıxan narçılıq üzrə tanınan bölgədir. Göyçay yeganə bölgədir ki, burada narın bütün növləri, o cümlədən “Azərbaycan gülöyşəsi”, “Bala mürsəl”, “Şahnaz”, “Ağşirin”, “Qırmızıqabıq”, “Vələs”, “Şelli mələsi” kimi qiymətli növləri yetişir. İcra hakimiyyətinin başçısı, habelə vurğulayıb ki, Göyçayda istehsal edilən nar məhsulları 24 xarici ölkəyə ixrac olunur.
Beynəlxalq elmi-konfransda AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun “Azərbaycan folklorunda narın mifoloji semantikası”, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədovun “Dənəciklər məcmusu bütövlüyün rəmzi kimi: nar-təbiət möcüzəsi”, Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Altaylının “Türk mədəniyyətində nar”, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyevin “Nar multidissiplinar kontekstdə” mövzularında məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, bu gün dünyada yarım milyonadək bitki növü var. Onlardan biri çoxlu sayda dənəciklərin möcüzəli şəkildə toplandığı və hazırda 27 növü olan nar meyvəsidir. Rəvayətə görə, ilk nar ağacı məhəbbət ilahəsi Afrodita tərəfindən becərilib. Qədim misirlilər dəfn olunanları narla əhatə edərdilər ki, bu, ölünün yenidən həyata qayıtması üçün vacib hesab edilərdi. Koreyada nar tanrıların qidası kimi tanınır. Qeyd olunub ki, nar şirəsi və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur.
Oktay Səmədov məruzəsində nar haqqında ensiklopedik bilgilər kitabının hazırlanması və onun üç dildə çap olunması təklifini səsləndirib.
Sonra beynəlxalq elmi konfrans “Nar iqtisadiyyatda və sosial həyatda” və “Narın sənətdə və mədəniyyətdə təzahürü” bölmələri ilə işini davam etdirib.
Konfransda AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Ənənəvi söyləyicilik sənəti” kitabının təqdimatı olub, qonaqlara xatirə hədiyyələri verilib.