Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir

26 dekabr 2012 | 16:00

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dekabrın 25-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransın iştirakçıları əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoymuşlar.
Tədbirdə dövlət himni səsləndirildikdən sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatı Sabir Hacıyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, rayon gənclər və idman idarəsinin rəisi Elşən Şirinov çıxış edərək hazırda ölkə əhalisinin 60 faizini təşkil edən gənclərə göstərilən yüksək dövlət qayğısından söz açmışlar. Natiqlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etmələrindən danışmışlar. Tədbirdə Azərbaycan gənclərinin qazandıqları nailiyyətlərdən, gənclərin ana dilimizə yüksək önəm vermələrindən, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə edilmələrindən, dövlətin gənc nəslin sağlamlığı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edilmişdir.
Konfransda çıxış edənlər bildirmişlər ki, Azərbaycan gəncini hər zaman ağıllı, güclü, məntiqli, müstəqil görmək istəyən ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaradılmışdır. 1996-cı il fevralın 2-də ölkədə ilk dəfə keçirilən gənclər forumunda ulu öndər Heydər Əliyev gənclərə müraciətlə demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”. Qeyd edilmişdir ki, hazırda dövlətimizin başçısı İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyev bir sıra tədbirlərlə gənclərin fəallığını, gələcəyə ümidlərini daha da artırmışdır.
Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əhəmiyyətindən, Gənclər və İdman Nazirliyi yanında yaradılan Gənclər Fondunun fəaliyyətindən danışan tədbir iştirakçıları Azərbaycan gənclərinin hazırkı durumu, onların qayğıları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparmışlar.
Rayonun fəal gəncləri ulu öndər Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvələri ilə çalışacaqlarını bildirmişlər. Gənclər bütün həmyaşıdlarını vətənpərvər olmağa səsləmişlər. Tədbirdə məlumat verilmişdir ki, hazırda Göyçayda 32 min 500 gənc yaşayır. Orta ümumtəhsil məktəblərində 16 min şagird təhsil alır. Rayonda 20 min 727 gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Rayonda fəaliyyət göstərən olimpiya idman kompleksində 800-ə yaxın gənc müntəzəm olaraq idmanla məşğul olur. Rayon gəncləri Heydər Əliyev Mərkəzində onlar üçün yaradılan şəraitdən geniş bəhrələnir. Hazırda Göyçay şəhərində gənclər mərkəzi inşa edilir.

 

Keçidlər