Göyçayın Potu kənd məktəbi əsaslı təmirdən sonra öz qapılarını şagirdlərin üzünə açıb
Rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova mərasimdə çıxış edərək yeni dərs ili münasibətilə şagirdləri və pedaqoji kollektivi təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Vurğulayıb ki, bu qayğı Göyçay rayonunda da yeni-yeni uğurların qazanılmasına şərait yaradır. Təkcə bu il 368 məzun ali məktəblərə daxil olub, onlardan 25 nəfər 600-dən yuxarı bal toplayıb. Bir nəfər məzun isə 700 balla yüksək nəticə göstərib.
Tədbirdə çıxış edən təhsil şöbəsinin müdiri Elnur İsmayılov qeyd edib ki, Potu kənd tam orta məktəbinin binası ötən əsrin 50-ci illərində inşa edilmişdi və müasir tələblərə cavab vermirdi. Prezident İlham Əliyevin təhsilimizin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirdiyi islahatlar rayonda da təhsilin inkişafına güclü təkan verib. E.İsmayılov bildirib ki, əsaslı təmir olunan tədris ocağında 235 şagird təhsil alacaq. Burada 13 sinif otağı, fənn kabinələri, açıq havada idman meydançası, kompüter otağı, konfrans zalı, geniş mətbəx vardır. Cari ildə məktəbi bitirən 20 məzundan 10 nəfərinin ali məktəblərə qəbul olunduğunu bildirən məktəb direktoru qarşıdakı dərs ilində daha böyük müvəffəqiyyətlər qazanılacağına əminliyini bildirib.
Müəllimlər, valideynlər və kənd ağsaqqalları məktəbdə yaradılan şəraitə görə təşəkkürlərini ifadə ediblər.
Sonda məktəblilər Vətənə, məktəbə və şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.