Göyçay rayonunda ənənəvi nar bayramı keçirilmişdir
Noyabr ayının 3-də Göyçayda təşkil olunan sayca 7-ci nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən fərqlənib. Dövlət və hökümət nümayəndələrinin,millət vəkillərinin, xarici ölkə səfirlərinin, diaspor nümayəndələrinin,beynəlxalq təşkilat əməkdaşlarının qatıldıqları festival təbii sərvətimizin,milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib. Narla bağlı müxtəlif yarış və müsabiqələrin təşkili, İtalyanın «Patisseri» şəbəkəsinin nar suyundan hazırladığı piroq və tortun qonaqlara təqdim olunması xüsusi ilə yadda qalan olub.
Nar bayramının iştirakçıları Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıb. Onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi faytonda meydana daxil olaraq qonaqları salamlayıb,xalqımıza əmin-amanlıq bol ruzi –bərəkət arzulayıb. Tədbir iştirakçıları rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar.Meydanda təşkil olunmuş yaşa kitab sərgisi,əl işləri və qədim sənət növləri maraqla izlənib. İdmançıların, kəndirbazların, pəhləvan və sehirbazların,folklor rəqs və musiqi qruplarının, meyxanaçıların, xor kollektivinin bir-birini əvəz edən çıxışları bayramı daha da yadda qalan edib.Qonaqlar və ictimayyətin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra rəsmi mərasim başlanıb. Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirib ki, prezident İlham Əliyev cənablarının xeyir-duası ilə 7-ci dəfədir ki,baş tutan bu məhsul bayramı böyük əhəmiyyət kəsb edir. Çünki bu festival Göyçayda narçılığın inkişafına təkan verib. Təkcə bu il rayonda 800 hektarda yeni nar bağları salınıb. İstehsal müəssisələri isə ilbəil imkanlarını genişləndirirlər. Bu il 40.000 ton nar tədarük edildiyini vurğulayan rayon rəhbəri bildirib ki,bu səbəbdən göyçaylıların büdcəsinə təxminən 40 milyon manata yaxın vəsait daxil olacaq .Bayram tədbirində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek, millət vəkilləri Şəmsəddin Hacıyev və Eldar İbrahimov çıxış edərək nar bayramının əhəmiyyətini qeyd ediblər. Sonra rəmzi olaraq nar ağacları əkilib. Yeni ailə quran gənclərə, ”qızıl toy”-u olan cütlüyə xatirə hədiyyələri təqdim olunub. 2006-cı ildə nar bayramının keçirildiyi gündə dünyaya gələn iki fidan bala iştirakçılara Ən xoş arzularını bildiriblər. Qonaqlar tədbir boyu isti təndir çörəyinə, nardan hazırlanmış məhsullara, motal pendiri, yuxa, kətə və döşəməli aşa qonaq ediliblər. Festivalda müxtəlif müsabiqələr də keçirilib. Ən böyük və kiçik narın sahibinə, giləsini yerə salmadan ən tez naryeyənə,ən sürətli nar şirəsi hazırlayana pul mükafatları verilib. Sonda Türkiyə, Latviyə və Azərbaycanın incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilmiş və ətəşfəşanlıq olmuşdur.