Göyçayda selin dağıtdığı avtomobil körpüsü bərpa edilərək istifadəyə verilib
İyunun 2-də Göyçay çayına gələn güclü sel nəticəsində dağılan avtomobil körpüsünün yanaşma yolunun bərpası istiqamətində görülən işlər başa çatdırılıb və körpü avtonəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.
Keçirilən tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev və agentliyinin rəhbər şəxsləri, həmçinin Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirak edib. Tədbir zamanı bildirilib ki, ölkə əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən körpünün yanaşma yolu selin təsiri səbəbindən dağılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəyib, yolun bağlanması insanlar üçün problemlər yaradıb.
Çıxış edənlər körpünün qısa vaxtda bərpa edilməsinə və əhalinin istifadəsinə verilməsinə görə, ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edilib ki, sel nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünün yanaşma yolunun 30 metrlik hissəsi dağılmış, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti 20 gün ərzində dayanmış, Göyçay çayının şərq hissəsindəki 38 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdir. İyunun 3-dən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tikinti briqadası və ağır texnikası körpünün yenidən bərpası işlərinə başlayıb. Əvvəlcə çayda suyun axın istiqaməti dəyişdirilib, yəni suyun kənardan mərkəzə yönəldilərək məcrasının əvvəlki vəziyyətə qaytarılması üçün tədbirlər görülüb. Sonra körpünün dağılmış yerində dəmir borular basdırılıb, uzunluğu 36 metr, eni 1 metr, hündürlüyü 5-9 metr olan monolit dəmir-beton istinad divarı qurulub, ərazidə torpaq bərkitmə işləri görülüb. Torpaq qatı çay yatağından təxminən 15 metr hündürlüyü olan körpüyədək qaldırılıb. Bu günədək əraziyə təxminən 22 min kubmetrdən artıq torpaq tökülərək tarazlıq və bərkitmə işləri görülüb.
Körpünün yanaşma yolunun bərpası işlərinə 30-dan çox ağır texnika və 50-ə yaxın işçi qüvvəsi cəlb olunub. Tikinti işləri gündüz və gecə saatlarında davam etdirilib. Körpü nəqliyyat vasitələrinin hərəkəti üçün açılsa da orada təmir-bərpa işləri hələ davam etdiriləcək. Hazırda körpünün alt hissəsində, dayaqlarında və ətrafında əlavə bərkitmə-bərpa işləri davam etdirilir, yeni monolit-beton istinad divarları inşa olunur. Bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə və sürətlə aparılır. Tikinti norma və qaydalarına uyğun olaraq işlər tərtib olunmuş qrafik əsasında davam etdirilir. Qeyd edək ki, körpünün yanaşma yolu dağıldığı üçün iyunun 2-dən bəri sürücülər Göyçay-Ucar-Göyçay avtomobil yolundan istifadə etməklə rayon mərkəzinə gedirdilər. Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə dövlət agentliyi tərəfindən elə həmin gün təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılmışdı.