Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda möhtəşəm ədəbiyyat və mədəniyyət bayramı keçirilib

20 may 2018 | 16:00

May ayının 20-də rayonun mədəni həyatında uzun illər yaddan çıxmayacaq həyəcanlı, təntənəli bir tədbir keçirildi. Bu tədbir təkcə Göyçayın deyil, ölkəmizin mədəni həyatında da yaddaqalan bir hadisədir. Əli Kərim adına mədəniyyət və istirahət parkında yeni "Əbədiyaşar ədiblər" abidə kompleksi yaradılmışdır.
Tədbir iştirakçıları Əli Kərimin sözlərinə yazılmış "Qayıt" mahnısının sədaları altında Əli Kərimin abidəsi önünə gül-çiçək dəstələri qoyduqdan sonra abidə kompleksinin önünə toplaşdılar.
Tədbiri giriş sözü ilə Göyçay Rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadə açdı. O çıxışında qeyd etdi ki, bu, dövlətimizin ədəbi-mədəni irsimizə böyük qayğısının, milli mədəniyyətimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasının parlaq təzahürüdür.
Natiq çıxışında ilkin olaraq 18 nəfər ədibin büstünün ucaldığını göstərməklə yaxın zamanlarda daha bir neçə şair və yazıçının abidəsinin ucaldılmasının nəzərdə tutulduğunu söylədi. Çıxışının sonunda Mehdi Səlimzadə tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anarı anadan olmasının 80-ci il dönümü münasibətilə təbrik etdi. Göyçay Rayon İcra Hakimiyyəti Başçısının yazıçıya ünvanlanmış təbrik məktubu oxundu və hədiyyələr təqdim olundu.
Xalq yazıçısı Anar çıxışında abidə kompleksinin yaradılmasını ədəbiyyatımızın inkişafında xidmətləri olan sənətkarların gələcək nəsillərə tanıtdırılmasında əvəzsiz rol oynayacağını qeyd etməklə bu işdə xidmətləri olan insanlara minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən millət vəkili, görkəmli yazıçı-publisist Aqil Abbas yaradılan kompleksin əhəmiyyətindən danışaraq qeyd etdi ki, əgər bir xalq öz ədəbiyyatının sənətkarlarını unutmursa, hörmətlə yad edirsə, həmin xalqın min illər boyu yaşamaq haqqı vardır.
Xalq şairi Fikrət Qoca çıxışında qeyd etdi ki, abidə kompleksində yalnız Göyçayda dünyaya göz açan şairlərin, ədiblərin deyil, Azərbaycan ədəbiyyatının klassik nümayəndələrinin də büstlərinin ucaldılması sevindirici haldır.
Deməli, göyçaylılar Azərbaycan ədəbiyyatını, bu ədəbiyyatı yaradanları sevir və qəlblərində yaşadır. Fikrət Qoca çıxışında Göyçayda gedən quruculuq işlərinə toxunaraq göstərdi ki, bu rayon rəhbərliyinin uğurlu fəaliyyətinin nəticəsidir. Sonra natiq bu fəaliyyətin yalnız iqtisadiyyatın, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə deyil, eyni zamanda rayonun mədəni həyatı ilə bağlı olduğunu razılıq hissi ilə qeyd etdi.
Məktəblilər "Ədəbiyaşar ədiblər" abidə kompleksinin önünə gül-çiçək dəstələri düzdülər. Möhtəşəm ədəbi-bədii tədbir musiqi sədaları altında axşamdan xeyli keçmişə qədər davam etdi.

Keçidlər