Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 65 il əvvəl ailə quran nənə və babanın Beynəlxalq Ailə Günündə toyu olub

15 may 2018 | 16:00

Göyçay rayonunda 65 il əvvəl ailə quran nənə və baba üçün 15 may - Beynəlxalq Ailə Günü münasibətilə toy mərasimi təşkil edilib. Yenikənd kəndində yaşayan Vəli Məmmədovla Tovuz Məmmədova 1953-cü ildə ailə qursalar da, onlar üçün vağzalı havası bu gün çalınıb.
Toy mərasimində onların ailə üzvləri, qohumları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayon qeydiyyat şöbəsinin müdiri Könül Məmmədova çıxış edərək Vəli baba və Tovuz nənəni ailənin uzunömürlü olması münasibətilə təbrik edib, onlara cansağlığı arzu ediblər. Çıxışlarda qeyd edilib ki, hər il Beynəlxalq Ailə Günü münasibətilə ölkəmizdə silsilə tədbirlər keçirilir.
Bu, dövlətin vətəndaşlara, ailələrə verdiyi yüksək qiymətin bariz nümunəsidir. Bu münasibətlə Göyçayın təhsil ocaqlarında keçirilən tədbirlərdə "Erkən nikahlar və mövcud problemlər", "Gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində ailə, məktəb şuralarının rolu", “Gənc ailə sabahın ümidi və cəmiyyətin gələcəyidir", “Ailə cəmiyyətin özəyidir”, "Sağlam cəmiyyət, sağlam ailə" mövzularında məruzələr dinlənilib. Eyni zamanda, rayon qeydiyyat şöbəsinin əməkdaşları uzunömürlü, nümunəvi ailələrə baş çəkərək onların qayğı və problemləri ilə maraqlanıb, bu ailələri gənclərə bir örnək kimi təqdim ediblər.
İxtisasca müəllim olan Vəli baba deyib ki, ailəni uzunömürlü etmək üçün, ilk növbədə, tərəflər bir-birini başa düşməlidir. Əgər bu iki amil olarsa o zaman heç bir ailə dağılmaz.
Tovuz nənə deyib ki, hazırda gənc ailələrdə uşaqların sayı az olur. Amma 50 il əvvəl hər ailədə ən azı 4-5 övlad olurdu. O, gənc ailələrə uzunömürlü olmağı arzu edib. Artıq 65 ildir ki, bir yerdə xoşbəxt ömür sürən Vəli baba və Tovuz nənə rayonda bir çox ailələrə nümunə göstərilir. Məmmədovlar ailəsinin 8 övladı, 20 nəvəsi, 10 nəticəsi var. Onlar həyatın enişli-yoxuşlu yollarında birgə addımlayaraq bugünkü toy mərasimində sevinclə iştirak ediblər. Mərasim iştirakçıları nənə və babaya xatirə hədiyyələri təqdim ediblər.

Keçidlər