Göyçayda Yeni Azərbaycan Partiyasının yaranmasında 20-ci il dönümünə həsr olunmuş toplantı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu öndərin adını daşıyan mərkəzdəki ekspanatlarla tanış olublar. Toplantıda Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov bildirib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, keşməkeşli axarda cərəyan etdiyi bir zamanda tarixi bir zərurətdən yaranan, qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyası 20 ildə xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan xilas edən mütəşəkkil bir qüvvəyə çevrilib. Bu gün partiyanın sıralarında birləşən on minlərlə insan Heydər Əliyevin ölməz ideyalarının davamçılarıdır. 1992-ci ilin dekabr ayında yeni təsis olunan rayon təşkilatında 540 nəfər partiya üzvü birləşirdisə, indi 88 ilk təşkilatda 7443 nəfər YAP üzvü vardır. Onlardan 4246 nəfərini qadınlar, 2890 nəfərini isə 35 yaşadək gənclər təşkil edir. Cari ilin 9 ayı ərzində iqtidar partiyanın rayon təşkilatına 243 nəfər qəbul olunub. Yeni Azərbaycan Partiyasının cəmiyətimizdəki mühüm rolundan, ölkəmizin sosial-iqtisadi inkişafından, Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm sosial layihələrdən söz açan millət vəkili Şəmsəddin Hacıyev və Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov ümumi inkişaf naminə hər kəsə uğurlar arzulayıblar. Rayon təşkilatının ilk qurucularından bir qrupuna xatirə hədiyyələri, gənclərə isə üzvülük vəsiqələri təqdim olunub.