Göyçay rayonunda əhalinin kütləvi tibbi müayinədən keçirilməsi üçün hər cür şərait yaradılıb
Prezident İlham Əliyev cənablarının tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi işləri uğurla davam etdirilir.
Göyçayda əhalinin kütləvi dispanserizasiyası üçün rayonda hər cür şərait yaradılıb. Müayinələr Göyçay Mərkəzi rayon Xəstəxanasında, uşaq xəstəxanasında və uşaq poliklinikasında, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir. Yüksək ixtisaslı həkimlər vətəndaşları qrafik əsasında müayinə edir, zərurət yarandıqda onlar müalicəyə cəlb olunurlar.
Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə rayonda tibbi müayinənin təşkili vəziyyəti ilə maraqlanaraq 16 aprel 2018-ci il tarixdə Mərkəzi rayon xəstəxanasında olmuşdur. Müayinənin gedişinə baxış keçirildikdən sonra səhiyyə işçiləri ilə görüş təşkil olunmuşdur.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Elçin Bilalov çıxış edərək bildirilmişdir ki, fevral ayının 10-dan başlayan və bu günədək davam edən tibbi aksiya zamanı rayonun səhiyyə ocaqlarında 55299 vətəndaş müayinə olunmuşdur. Müayinələrdən sonra xəstəlik aşkar edilən 1659 ambulator, 332 nəfər mərkəzi rayon xəstəxanasında stasionar müalicəyə, 108 nəfər isə ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir. Aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işi davam etdirilir.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək qeyd etdi ki, 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərində parlaq qələbə qazanan İlham Əliyev cənabları heç şübhəsiz ki, növbəti yeddi ildə də Müstəqil Azərbaycanın Milli maraqlarını müdafiə edərək xalqın yüksək rifahını təmin edəcək və Azərbaycanı daha xoşbəxt gələcəyə inamla çatdıracaqdır. Eyni zamanda rayon rəhbəri səhiyyə işçilərini prezident seçkilərində fəal iştirak etdiklərinə görə təbrik etdi və təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən səhiyyə işçiləri ölkə başçısı tərəfindən onların fəaliyyəti üçün yaradılmış şəraitdən öz razılıqlarını ifadə etməklə, böyük bayram əhval-ruhiyəsində olduqlarını bildirdilər və Azərbaycanın bu gününü və gələcəyini də İlham Əliyevlə olduğunu qeyd etdilər. .
Yekunda uzun illər rayonun səhiyyə sistemindəki səmərəli fəaliyyətlərinə görə bir qrup tibb işçisi mükafatlandırıldı.