Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 31 mart - Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Soyqrım Abidə kompleksi”nin açılış mərasimi olmuşdur.

31 mart 2018 | 16:00

Göyçay şəhər parkında 31 mart - Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmiş və “Soyqrım Abidə kompleksi”nin açılış mərasimi olmuşdur.  
Tədbirdə rayon rəhbərliyi, idarə və təşkilat kollektivlərinin üzvləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, gənclər və məktəblilər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova açaraq qeyd etmişdir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı günüdür. Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. 
31 mart soyqırımı qurbanlarının, Azərbaycanın azadlığı uğrunda həlak olan  bütün şəhidlərin  əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə qeyd etmişdir ki,  Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həsaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilmişdir. Həmin ildən respublikamızda 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. Bu kimi faciələrin gələcək nəslin  yaddaşından  silinməməsi məqsədilə ölkədə  faciələrimizi əks etdirən abidələr ucalır. Tariximizi unutmamaq məqsədilə  bu gün  doğma Göyçayımızda da “Azərbaycanlıların  soyqırımı”  abidə  kompleksi  yaradılmış və kompleksdə  həm 31 mart-Azərbaycanlıların soyqırımı və həm də  26 fevral  Xocalı soyqırımı  günlərində baş vermiş  faciənin fotoları, hadisə qurbanlarının, şəhidlərin,  yaralanmış  insanların sayı  barədə  qısa məlumat  öz əksini tapmışdır. 
Abidə kompleksin qarşısında keçirilən toplantıda çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov, rayon ziyalıları Şövqi Göyçaylı, Adil Məmmədov, Aytəkin Əliyeva “böyük Ermənistan” yaratmaq xülyasına düşən bədnam qonşularımız tərəfindən 1918-ci ilin martında Bakı, Quba, Şamaxı, Göyçay, Kürdəmir və Lənkəranda törədilən qırğınlardan, soyqırımı qurbanlarının başına gətirilən müsibətlərdən, bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan istifadə olunmasının vacibliyindən söz açıblar.
Sonda tədbir iştirakçıları “Azərbaycanlıların soyqırımı” abidə kompleksini ziyarət edərək, önünə gül dəstələri düzmüşlər.

Keçidlər