Göyçayda Novruz bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olunub
Xalqımızın ən əziz bayramı olan Novruz Göyçayda da el şənliyi kimi qeyd olunub.
Göyçay Olimpiya İdman Kompleksində minlərlə rayon sakininin iştirakı ilə keçirilən bayram tədbirində təbriklər səsləndirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə göyçaylıları Novruz bayramı münasibətilə təbrik edib, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərindən danışılıb.
Rayon icra hakimiyyətinin başçısı Novruz bayramın ölkənin hər bir guşəsində olduğu kimi, Göyçayda da böyük ruh yüksəkliyi ilə qeyd olunduğu bildirilib.
Bayram tədbirində tonqal alovlandırılıb, müxtəlif milli oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin sərgisi nümayiş olunub. Rayonun istehsal müəssisələri öz məhsullarını nümayiş etdiriblər, idarə və təşkilatlar, kənd icra nümayəndəlikləri və bələdiyyələrin təşkilatçılığı ilə rəngarəng Novruz süfrələri açılıb. Gənc idmançıların çıxışları maraqla qarşılanıb. Bayram tədbirində rayonun incəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış ediblər. Xüsusilə Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu və məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.